Klassik Yunanıstan
Klassik Yunanıstan (E.ə. V—IV əsrlər) — polis qurumunun ən yüksək inkişaf dövrü. Yunanların memarlıq, heykəltəraşlıq, vaza rəssamlığı, zərgərlik, poeziya, teatr sənəti, elm (astronomiya, həndəsə, fizika, zoologiya, tibb, psixologiya, məntiq, siyasətşünaslıq, sənət tarixi, ritorika, iqtisadiyyat, tarix, coğrafiya) sahələri üzrə nailiyyətləri bu dövrdə o qədər böyük oldu ki, onları təqlid etmək və nümunə götürmək istəyi yarandı. Buna görə bu dövr "klassik" adlanır, yəni təqlid etməyə layiq olan.
== Hərbi-siyasi tarixi ==
Yunan-Fars müharibələrində (e.ə. 500-449) yunanların qələbəsi nəticəsində Afina şöhrət qazandı və Delos liqası (Afinanın rəhbərliyi ilə) yaradıldı. Afinanın ən qüdrətli dövrü, siyasi həyatının ən çox demokratikləşməsi və mədəniyyətin çiçəklənməsi Periklın hakimiyyətinə (e.ə. 443—429) təsadüf edir. Afina və Sparta arasında Yunanıstanda hegemonluq və ticarət yolları uğrunda mübarizə nəticəsində Afina və Korinf arasında yaranan ziddiyyətlər Afinanın məğlubiyyəti ilə sona çatan Peloponnes müharibəsinə (e.ə. 431—404) səbəb oldu.